Bakıda vergi cinayətlərinin araşdırılması üzrə beynəlxalq seminar keçirilir
Press-reliz

Bakıda vergi cinayətlərinin araşdırılması üzrə beynəlxalq seminar keçirilir

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

Bakıda “Vergi cinayətlərinin araşdırılması üzrə Yetkinlik Modeli” əsasında özünüqiymətləndirmə seminarı başlayıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı, İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dəstəyi ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Maliyyə Monitorinqi Xidməti, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bankın nümayəndələri iştirak edirlər. Seminar çərçivəsində vergi cinayətləri ilə effektiv mübarizə üsulları, bu sahədə beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə edilir, İƏİT-in “Vergi cinayətləri ilə mübarizəyə dair 10 Qlobal Prinsip”inə uyğun müvafiq qiymətləndirmələr aparılır, habelə dövlət qurumları arasında mövcud əməkdaşlıq mexanizmləri və onların təkmilləşdirilməsi imkanları nəzərdən keçirilir.

Seminarın açılış sessiyasında İqtisadiyyat Nazirliyi yanında DVX-nin rəis müavini Emil Qarayev, İƏİT-in Vergi və Cinayətkarlıqla Mübarizə Bölməsinin müşaviri Kilen Smit-Konnor və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndəsi Qay Bonvin çıxış ediblər.

DVX-nin rəis müavini Emil Qarayev Azərbaycanda iqtisadi fəaliyyətin şəffaflaşdırılması, kölgə iqtisadiyyatının miqyasının azaldılması və əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində vergi intizamının gücləndirilməsinin və sağlam rəqabət mühitinin inkişafının prioritet istiqamətlər olduğunu qeyd edib. Bildirib ki, “DVX-nin 2025–2028-ci illər üzrə Strategiyası”nda vergidən yayınma ilə inamlı mübarizə başlıca fəaliyyət hədəflərindən biri kimi müəyyən edilib. Bu çərçivədə vergi hüquqpozmalarının qarşısının preventiv qaydada alınmasına imkan verən alətlərin geniş tətbiqi və vergi intizamının artırılması nəzərdə tutulur. Qeyd edib ki, DVX-nin fəaliyyətində məlumatların təhlilinə və risk əsaslı yanaşmalara üstünlük verilməsi vergidən yayınma hallarının müəyyənləşdirilməsi imkanlarını artırır. Bununla yanaşı, maliyyə cinayətlərinin araşdırılması zamanı müxtəlif dövlət qurumlarının malik olduğu məlumat və imkanların əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Emil Qarayev vurğulayıb ki, İƏİT-in vergi və digər maliyyə cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır. DVX-nin İƏİT ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər vergi intizamının təmin edilməsi hədəflərinə çatmaq üçün faydalı imkanlar yaradır. Emil Qarayev qeyd edib ki, İƏİT-in Yetkinlik Modeli əsasında aparılacaq özünüqiymətləndirmə mövcud mexanizmlərin effektivliyinin nəzərdən keçirilməsi, təkmilləşdirmə tələb edən istiqamətlərin müəyyənləşdirilməsi və gələcək fəaliyyət prioritetlərinin formalaşdırılması baxımından mühüm xarakter daşıyır.

İƏİT-in Vergi və Cinayətkarlıqla Mübarizə Bölməsinin müşaviri Kilen Smit-Konnor çıxışında maliyyə sektorunun gücləndirilməsi, fiskal sahədə şəffaflığın təşviqi və özəl sektorun inkişafı baxımından vergi hüquqpozmaları ilə mübarizənin effektivliyini diqqətə çatdırıb. O, risk əsaslı yanaşmaların vergi cinayətlərinin səmərəli araşdırılması və kölgə iqtisadiyyatının məhdudlaşdırılması baxımından rolunu vurğulayıb. Həmçinin Azərbaycanla əməkdaşlıq çərçivəsində biznes mühitində leqal fəaliyyətin təmin edilməsi istiqamətində atılan addımları qeyd edib.

İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndəsi Qay Bonvin vergi cinayətlərinin araşdırılması işinin effektiv təşkilində birgə təşəbbüslərin vacibliyini vurğulayıb. Bildirib ki, bu sahədə uğurlu nəticələrin əldə edilməsi üçün birgə fəaliyyətin təşviqi önəmlidir. Bu əməkdaşlıq vergi cinayətləri ilə mübarizədə uğur qazanmağa və daha dayanıqlı ekosistemin formalaşdırılmasına imkan verəcək.

Seminarın ilk günü Azərbaycanda vergi cinayətlərinə qarşı mübarizə sahəsində mövcud hüquqi, institusional və əməliyyat mexanizmləri, aidiyyəti dövlət qurumlarının səlahiyyətləri, qarşılaşdıqları çətinliklər və qurumlararası əməkdaşlıq təcrübəsi nəzərdən keçirilib. Həmçinin İƏİT-in Yetkinlik Modeli əsasında özünüqiymətləndirmənin məqsədləri və prosedurları iştirakçılara təqdim olunub.

Növbəti günlərdə iştirakçılar işçi qrupları çərçivəsində İƏİT-in 10 Qlobal Prinsipi üzrə mövcud vəziyyətin qiymətləndirilməsini həyata keçirəcəklər. Qiymətləndirmə vergi cinayətləri ilə mübarizə strategiyası, istintaq səlahiyyətləri, aktivlərin dondurulması və müsadirəsi, təşkilati struktur və resurs təminatı, qurumlararası və beynəlxalq əməkdaşlıq, eləcə də şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması daxil olmaqla müxtəlif istiqamətləri əhatə edəcək.

Seminarın sonuncu günü işçi qrupların qiymətləndirmələrinin və tövsiyələrinin təqdimatı, mövcud vəziyyətə dair ümumi yanaşmanın razılaşdırılması və gələcək fəaliyyət planı üçün təkliflərin müzakirəsi nəzərdə tutulur. Özünüqiymətləndirmənin nəticələrinin vergi və digər əlaqəli maliyyə cinayətlərinə qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi üzrə gələcək tədbirlərin müəyyənləşdirilməsinə əsas yaradacağı gözlənilir.

Material ID: #72
Qurum

Dövlət Vergi Xidməti

Azərbaycan

Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər